“Xocalı rayonunun Meşəli kəndində törədilən soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan hərbi cinayətkar Vaqif Xaçaturyanın Laçın sərhəd-keçid məntəqəsində saxlanılaraq istintaqa cəlb edilməsi onu deməyə əsas verir ki, digər cinayətkarlar da Azərbaycan qanunları qarşısında cavab verəcəklər. Biz buna əminik”.Bunu “Report”un Qərb bürosuna açıqlamasında “Xocalının səsi” qəzetinin redaktoru Qalib Quliyev deyib.O söyləyib ki, Xocalı sakinləri doğma yurdlarına qayıdacaqlarına, düşməndən qisaslarının alınacağına heç zaman ümidlərini itirməyiblər: “Biz həmin günün yaxınlaşdığını hiss edirdik. Çünki Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət bizə bunu deməyə əsas verirdi. Çox şükürlər olsun ki, Vətən müharibəsində düşməndən qisasımızı aldıq və tarixi ədaləti bərpa etdik. Vətən müharibəsi zamanında Xocalı cəlladları məhv edildikcə mənəvi rahatlıq tapırdıq. İnanırdıq ki, döyüş meydanında qisasımızın alındığı kimi erməni cinayətkarlar ölkəmizin qanunları qarşısında da layiqli cəzalarını alacaqlar. Həmin gün artıq yetişib”.Redaktor bildirib ki, Xocalı cəlladlarının bir güllə ilə öldürülməsi onlar üçün asan cəza olardı: “Ancaq onların Azərbaycan qanunları qarşısında cavab verməsi, beynəlxalq ictimaiyyət qarşısında çirkli niyyətlərinin ortaya çıxması bizim növbəti qələbəmizin təntənəsidir. Bu gün bizim güclü dövlətimiz və müzəffər ordumuz var. Vətən müharibəsi zamanında döyüş meydanında düşməndən qisasımızı aldıq. Diplomatik meydanda, siyasi arenada və informasiya məkanında isə mübarizəmiz davam edir. Bu mübarizə, qalibiyyət bizim üçün onların bir güllə ilə vurulmasından dəfələrlə üstündür. Çünki hərbi cinayətkarların, Xocalı cəlladlarının hamısı qanunlarımız qarşısında cavab verməlidir”.Qeyd edək ki, Vaqif Xaçatryan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib.Qırğın zamanı, 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçatryan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.Ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət işi çərçivəsində iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.Mənbə: report.az